“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Avropa Liqasının 4-cü turunda “Bayer”lə oyunda (0:1) aldığı zədədən danışıb.
Arena.az Rusiya mətbuatına istinadən Lunyovun müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mənim hələ zədənin şiddət dərəcəsi və sağalma müddəti barədə məlumatım yoxdur. Yığmaya çağırıldıqdan sonra artıq ilk dəfə deyil ki, zədələnirəm. Demək olar ki, öyrəşmişəm.
Əlbəttə, xoşagəlməzdir. Amma ümidvaram, hər şey o qədər də ciddi olmayacaq və mən növbəti oyunlara bərpa olacağam. Yığmada da oynamağıma ümid edirəm, əlbəttə. Axı bu, sonuncu təlim-məşq toplanışı deyil”, deyə Lunyov bildirib.
Xatırladaq ki, noyabrın 9-da Bakıda keçirilmiş “Qarabağ” – “Bayer” oyunu Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu oyunun əsas vaxtına əlavə edilmiş 4-cü təzminat dəqiqəsində leverkuzenlilərin nigeriyalı mərkəz hücumçusu Viktor Bonifase vurub. Lunyov buna qədər zədələnərək, 84-cü dəqiqədə gürcü qapıçı Luka Quqeşaşvili ilə əvəzlənib.
Daha əvvəl, noyabrın 7-də Andrey Lunyov Rusiya yığmasının noyabrın 13-də Novoqorskda keçiriləcək təlim-məşq toplanışına çağırılmışdı. Təqvim üzrə noyabrın 20-də Rusiya yığmasının Volqoqradda Kuba yığması ilə yoldaşlıq oyunu keçirəcəyi nəzərdə tutulub.
Lunyov “Qarabağ”a cari ilin avqustunda Leverkuzen “Bayer”indən azad agent qismində qoşulub. Rusiyalı qapıçının “Qarabağ”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Lunyov “Qarabağ”ın heyətində 9 oyuna çıxıb, 9 qol buraxıb, 5 oyunda qapısının toxunulmazlığını təmin edib.
Lunyov 2017-ci ilin oktyabrında debüt etdiyi Rusiya yığmasının heyətində 7 oyun keçirib, 14 qol buraxıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı Andrey Lunyovu 1,2 milyon avro məbləğində qiymətləndirir.


