Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında debüt edib. Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) ilk turu çərçivəsində doğma meydanda “Qanqvon”la qarşılaşıb.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 27 matça çıxıb.


