Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün ölkə çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 12-ci turu çərçivəsində əsas izləyicisi “Jeonbuk”la qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Anton bu dəfə də start heyətdə meydana çıxıb, 83-cü dəqiqədə əvəzlənib.
“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 13 oyuna topladığı 27 xalla 12 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Krivotsyukun komandası 13 oyuna 8 qələbə qazanıb, 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 12-də iştirak edib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 73 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.


