Cənubi Koreyanın “Daejeon” klubunda çıxış edən Anton Krivotsyuk İspaniyanın “Atletiko” (Madrid) komandasına qol vurub.
Arena.az xəbər verir ki, 25 yaşlı müdafiəçi K Liqasının ulduzlarından ibarət kollektivin Madrid təmsilçisi ilə keçirdiyi yoldaşlıq oyununda fərqlənib.
Azərbaycan millisinin üzvü bu qarşılaşmada fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb. O, meydana çıxandan bir neçə dəqiqə sonra – 50-ci dəqiqədə La Liqa klubunun qapısına yol taparaq komandasının ilk qolunun müəllifi olub.
Beş qolun qeydə alındığı qarşılaşma cənubi koreyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, indiyə qədər bu komandada 21 çempionat matçına çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Futbolçumuz 1 qırmızı və 5 sarı vərəqə də alıb. Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 30 matça çıxıb, 1 qola imza atıb.


