Anton Krivotsyuk oynadı, komandası autsayderlə bacarmadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 21-ci turu çərçivəsində “Suvon”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” çempionatın aşkar autsayderi olan bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Anton bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. O, 59-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Daejeon Hana Sitizen” 21 turdan sonra topladığı 29 xalla 12 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, indiyə qədər bu komandada 19 çempionat matçına çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Futbolçumuz 1 qırmızı və 4 sarı vərəqə də alıb. Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 30 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: