Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası Cənubi Koreya kubokunun 1/16 final mərhələsi çərçivəsində “Geoje” ilə qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyun futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 4:1.
Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Bu, onun Cənubi Koreya klubundakı yeddinci matçı idi. Milli üzvü bu oyunlarda bir məhsuldar ötürmə, bir sarı və bir qırmızı vərəqə müəllifi olub.
“Daejeon Hana Sitizen” ölkə kubokunun 1/8 finalında “Jeju Yunayted”lə qarşılaşacaq. Bu qarşılaşma mayın 24-də rəqib meydanında baş tutacaq.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 29 matça çıxıb.


