Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Plotsk təmsilçisinin rəsmi saytı məlumat yayıb.
24 yaşlı müdafiəçinin karyerasını Cənubi Koreyada davam etdirəcəyi diqqətə çatdırılıb. Belə ki, millimizin üzvü bu ölkənin “Daejeon Hana Sitizen” komandasına transfer olunub. Bu barədə Cənubi Koreya klubu da rəsmi saytı vasitəsilə məlumat yayıb. Asiya klubunun azərbaycanlı oyunçunun transferi üçün “Visla”ya 600 min avro ödədiyi bildirilir.
Anton yeni komandaya keçidiyi barədə fikirlərini də bölüşüb. O, Cənubi Koreya klubunun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Yeni klubuma gec qoşulmuşam. Buna görə də, komanda yoldaşlarımla sıx ünsiyyət quraraq, kollektivə tez uyğunlaşmağa çalışacağam. Eşitdiyimə görə, “Daejeon Hana Sitizen” 8 ildən sonra ötən il yüksək liqaya yüksəlib. Buna görə də, bu ay başlayacaq mövsüm çox vacibdir. Komandamızın yüksək hədəflərə çatması üçün əlimizdən gələni edəcəyik”.
Xatırladaq ki, Anton Krivotsyuk “Visla”ya 2021-ci ilin yayında “Neftçi”dən keçib. Ukrayna əsilli futbolçu Polşa təmsilçisinin heyətində meydana çıxdığı 28 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. Vaxtilə “Neftçi”də 106 oyuna 10 qol vurub, 4 məhsuldar ötürmə etmiş müdafiəçi, yığma komandamızda da 27 matça çıxıb.


