Anton Krivotsyuk qovuldu, komandası 4 qola üzüldü

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 14-cü turu çərçivəsində “Ulsan HD” ilə qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı xalsız tərk edib – 1:4.

Anton bu görüşə start heyətdə başlayıb. O, 45+4-cü dəqiqədə qırmızı vərəqə almaqla komandasını azlıqda qoyub. “Daejeon” məhz bundan sonra qapısında daha 3 qol görməklə darmadağına üzülüb.

“Daejeon Hana Sitizen” 14 turdan sonra topladığı 11 xalla 12 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Komanda 14 oyunda 2 qələbə qazanıb, 5 heç-heç edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 44 oyuna çıxıb, 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 35 matça çıxıb, 1 qola imza atıb.