Anton Krivotsyuk “Seul”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün ölkə çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 8-ci turu çərçivəsində “Seul”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası 4 qolluq matçın yekununda 2:2 hesablı heç-heçə ilə kifayətlənib. Anton bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 9 oyuna topladığı 17 xalla 12 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Krivotsyukun komandası 9 oyuna 5 qələbə qazanıb, 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 8-də iştirak edib.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 69 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: