Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk “Daejeon Hana Sitizen” komandasının ötən gün keçirdiyi oyunda iştirak hüququ qazanmayıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası Cənubi Koreya çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 13-cü turu çərçivəsində “Seul”la qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası bu görüşdə xal itkisi ilə üzləşib – 0:0. Antonun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 14 oyuna topladığı 28 xalla 12 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Krivotsyukun komandası 14 oyuna 8 qələbə qazanıb, 4 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Anton əvvəlki görüşlərin 12-də iştirak edib, cəmi 2 oyunu buraxıb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 74 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.