Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün ölkə çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 21-ci turu çərçivəsində “Jeju SK” ilə qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Anton bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 21 oyuna topladığı 35 xalla 12 iştirakçı arasında ikinci pillədə qərarlaşıb. Krivotsyukun komandası 21 oyuna 9 qələbə qazanıb, 8 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 15-də iştirak edib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 76 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.


