Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün ölkə çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 6-cı turu çərçivəsində “Qvanqyu” ilə qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası yekunda heç-heçə ilə kifayətlənib. 34-cü dəqiqədə məğlub duruma düşən meydan sahibləri 62-ci dəqiqədə bərabərlik qolunu vura biliblər.
Anton bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.
Cari mövsümdə ilk dəfə meydanı heç-heçə ilə tərk etmiş “Daejeon Hana Sitizen” 6 oyuna topladığı 13 xalla 12 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Krivotsyukun komandası 6 oyuna 4 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin hamısında iştirak edib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 67 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.


