Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün ölkə çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 18-ci turu çərçivəsində “Ulsan HD” ilə qarşılaşıb.
Qeyd edək ki, 18-ci turun oyunları iyunun ortalarında keçirilməli idi. Lakin klublar arasındakı razılığa əsasən bu oyun məhz indi baş tutub.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası beş qolluq matçın yekununda 3:2 hesablı qələbəyə sevinib. Anton bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.
“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 7 oyuna topladığı 16 xalla 12 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Krivotsyukun komandası 7 oyuna 5 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin hamısında iştirak edib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 68 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.


