Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün ölkə çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 9-cu turu çərçivəsində “Gimçeon Sanqmu” ilə qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası bu oyundan 2:0 hesablı qələbə ilə ayrılıb. Anton bu dəfə də 90 dəqiqə meydanda olub.
“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 10 oyuna topladığı 20 xalla 12 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Krivotsyukun komandası 10 oyuna 6 qələbə qazanıb, 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 9-da iştirak edib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 70 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.


