İngiltərənin “Mançester Yunayted” klubunun braziliyalı sağ cinah vingeri Antoni Braziliya millisindən kənarlaşdırılıb.
Arena.az bu barədə “TNT Sports BR”ə istinadən məlumat verir.
Braziliyalının keçmiş məşuqəsi Qabriela Kavallin Antonini məişət zorakılığında ittiham edib. O, hamilə olan zaman futbolçu tərəfindən zorakılığa məruz qaldığını, barmağının kəsilməsi ilə təhdid edildiyni bildirib. Keçmiş sevgilisinin şikayəti üzündən o, məhkəmə qarşısına çıxacaq.
Öz növbəsində futbolçu açıqlamasında bu ittihamları yalan adlandırıb. Antoni hər hansı ailədaxili problem yaşamadığını deyərək keçmiş sevgilisinin ittihamlarını rədd edib. O, bu barədə sosial şəbəkədə də paylaşım edib. Amma polis şikayət əsasında araşdırmaya başlayıb.
Lakin San-Paulu məhkəməsinə təhdid və fiziki təzyiqlə bağlı foto və videogörüntülər təqdim edən Qabriellanın ittihamları cidddir. Elə bu üzdən Braziliya Futbol Federasiyası araşdırma bitənədək Antonini milli komandanın düşərgəsindən uzaqlaşdırıb. Dünən gecə bu barədə rəsmi açıqlama verilib.
Antoni “San-Paulu”nun yetirməsidir və 2018-2020-ci illərdə burada çıxış edərək “Ayaks”a transfer edilib. Braziliyalı vinger “Ayaks”la iki dəfə Niderland çempionatını (2020/2021, 2021/2022) və Niderland Kubokunu (2020/2021) qazanıb. Braziliyalı hücumçu 2022-ci ildə “Ayaks”dan “Mançester Yunayted”ə keçib. Geridə qalmış ötən mövsümdə o, “Mançester Yunayted”in heyətində 44 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə verib və komandası ilə İngiltərə Liqa Kubokunu qazanıb. Cari mövsümdə isə hücumçu “qırmızı şeytanlar”ın heyətində 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Antoninin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvdədir.
Antoni 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 16 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Vinger Brazliya millisi ilə 2020 Tokio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı Antonini 60 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, sentyabrın 9-da Braziliya millisi 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Boliviya yığmasına qarşı ilk oyununu keçirəcək. Sentyabrın 13-də braziliyalılar Peru yığması ilə qarşılaşacaqlar.
.jpg?auto=webp&format=pjpg&width=3840&quality=60)







