Aquero: “Messinin “Barsa”ya qayıdışı zaman məsələsidir”

Argentina yığmasının sabiq hücumçusu Serxio Aquero “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə bağlı danışıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, o, Messinin karyerasını başa vurduqdan sonra “Barselona”ya qayıtması ehtimalını istisna etmir:

“Leo” həmişə “Barselona”nı sevdiyini deyirdi. O, özünü klub və şəhərlə çox eyniləşdirir. O, karyerasını bitirdikdən sonra kluba qayıdacaqmı? Biz bunu müzakirə etməmişik, amma bəzən düşünürəm ki, bu, zaman məsələsidir”, deyə Serxio Aquero bildirib.

Messi 18 il (2003-2021) “Barselona”da çıxış edib. Argentinalı ulduz Kataloniya komandası ilə bütün mümkün klub qənimətlərini – ümumilikdə 35 kubok və çoxsaylı fərdi mükafatlar qazanıb, rekordlara imza atıb. Daha sonra, 2021-ci ildə PSJ-yə keçmiş Messi iki il Fransa nəhənginin uğurları üçün çalışıb.

Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu təcrübəli futbolçu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunun qalibi olub.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, oktyabrın 30-da Fransanın “France Football” nəşri ötən mövsümün ən yaxşı futbolçusuna mükafatın təqdim edilməsi mərasimini təşkil edib. Səsvermənin nəticələrinə əsasən, Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: