Arda Gülər: “Bütün gücümü “Real”a verməyə çalışıram”

La Liqanın 16-cı turunun “Jirona” ilə erkən keçirilmiş 16-cı tur səfər oyunu “Real”ın türk yarımmüdafiəçisi Arda Gülər üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Gülər bu oyunda “qaymaqlılar”ın 3:0 hesablı qələbəsinə vurduğu qolla töhfəsini verib.

Oyundan sonra Gülər nailiyyətini şərh edib: “Mən azarkeşlərin məhəbbətini qarşılamaq üçün hər oyunda əlimdən gələni etməyə çalışıram. “Real” üçün bütün güc-qüvvəmi verməyə çalışıram”, – “Fotospor” dərgisi Gülərdən sitat gətirir.

Həmçinin “Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti türk futbolçunun çıxışını qiymətləndirib:

“O, oyuna daxil olmaqda çətinlik çəkdi. Çox çalışdı. Birinci hissədə onun üçün hər şey alınmadı, amma ikinci hissədə o, fantastik qol vurdu, ilk növbədə isə onun əməyini qeyd etmək istəyirəm. Qol onun üzərindəki təzyiqin bir hissəsini götürəcək. Gülər çox təzyiq altında olan gəncdir”, – “Sport.es” dərgisi Ançelottidən sitat gətirir.

Arda Gülər “Gənclərbirliyi” klubunun yetirməsidir. Yarımmüdafiəçi 2014-2019-cu illərdə “Gənclərbirliyi”nin akademiyasında yetişib, daha sonra “Fənərbaxça”ya keçib. Gənc yarımmüdafiəçi 2023-cü il iyulun 6-da “Fənərbaxça”dan 20 milyon avro məbləğ müqabilində “Real”ın düşərgəsinə transfer edilib. Gülərin “Real”la müqaviləsi 2029-cu il iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə isə Gülər “qaymaqlılar”ın heyətində bütün yarışlarda 17 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Türk futbolçunun “Kral klubu”nun heyətində çıxışının ümumi mənzərəsi 29 oyun, 7 qol və 1 məhsuldar ötürmədən ibarətdir.

Arda Gülər 2022-ci ilin noyabrında debüt etdiyi Türkiyə yığmasının heyətində 18 oyuna çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Arda Gülərin qənimətlər muzeyində “Fənərbaxça” ilə 2022/2023-cü illər mövsümü Türkiyə Kuboku, “Real”la 2023/2024-cü illər mövsümündə qazandığı İspaniya La Liqası, İspaniya Super Kuboku və Çempionalar Liqası və UEFA Super Kuboku var.

“Transfermarkt” internet-portalı 19 yaşlı türk hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: