Madrid “Real”ının türkiyəli yarımmüdafiəçisi Arda Gülər La Liqada 23 yaşadək futbolçular arasında dekabr ayının ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu dekabr ayında meydana çıxdığı matçlarda 3 qol və 1 assistə imza atmaqla bu ada layiq görülüb.
Xatırladaq ki, Arda Gülər Türkiyənin “Gənclərbirliyi” klubunun məzunudur. Türk yarımmüdafiəçi 2014-2019-cu illərdə “Gənclərbirliyi”nin akademiyasında yetişib, daha sonra “Fənərbaxça”ya keçib. Gənc yarımmüdafiəçi 2023-cü il iyulun 6-da “Fənərbaxça”dan 20 milyon avro məbləğ müqabilində “Real”ın düşərgəsinə transfer edilib. Gülərin “Real”la müqaviləsinin müddəti 2029-cu il iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Gülər “qaymaqlılar”ın heyətində bütün yarışlarda 20 oyuna 1 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Türk futbolçunun “kral klubu”nun heyətində çıxışının ümumi mənzərəsi 33 oyun, 7 qol və 3 məhsuldar ötürmədən ibarətdir.
Arda Gülər 2022-ci ilin noyabrında debüt etdiyi Türkiyə yığmasının heyətində 18 oyuna çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Arda Gülərin qənimətlər muzeyində “Fənərbaxça” ilə 2022/2023-cü illər mövsümü Türkiyə Kuboku, “Real”la 2023/2024-cü illər mövsümündə qazandığı İspaniya La Liqası, İspaniya Super Kuboku, UEFA Çempionalar Liqası və UEFA Super Kuboku var. 2024-cü ildə isə o, Madrid klubu ilə FİFA Qitələrarası Kubokun da qalibi olub.
“Transfermarkt” internet-portalı 19 yaşlı türk hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


