Arda Gülər seçimini etdi: “Barsa”, yoxsa “Real”?

Türkiyə yığmasının və “Fənərbaxça”nın 18 yaşlı yarımmüdafiəçisi Arda Gülər Madrid “Real”ına keçmək qərarına gəlib.

Arena.az bu barədə Türkiyədəki mənbələrə istinadən məlumat verir.

Məlumata görə, Gülər “Barselona”nın təklifini rədd edib. “Real”ın Gülər üçün “Fənərbaxça”ya 20 milyon avro ödəyəcəyi və gələcəkdə futbolçunun növbəti satışından da İstanbul klubuna 20 % pay verəcəyi deyilir.

Arda Gülər “Gənclərbirliyi”nin yetirməsidir. O, 2014-2019-cu illərdə burada çıxış edib, daha sonra “Fənərbaxça”ya keçib.

Gülər “Fənərbaxça”nın heyətində ümumilikdə 51 oyuna çıxıb, 9 qol vurub, 12 məhsuldar ötürmə verib. Gənc futbolçu Türkiyə yığmasında ötən ilin noyabrında debüt edib, 4 oyuna meydana çıxaraq, 1 qol vurub.

Gülərin “Fənərbaxça” ilə cari müqaviləsi 2025-ci ilin yayına qədərdir.

“Transfermarkt” internet-portalı Arda Güləri 15 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, daha əvvəl “Barselona”nın Gülərlə ciddi maraqlandığı, transferin mümkün olmadığı halda, futbolçunun icarəyə alınacağı deyilirdi.

Vurğulayaq ki, Türkiyə mətbuatında Gülər “türk Messi” təxəllüsü ilə təqdim edilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: