“Real”ın yarımmüdafiəçiləri Toni Kroos və Luka Modriç “Fənərbaxça”nın futbolçusu Arda Güləri transfer etməkdə “Kral klubuna” dəstək olublar.
Arena.az bu barədə jurnalist Volkan Dəmirə istinadən xəbər verir.
Xatırladaq ki, daha əvvəl “Barselona”nın Gülərlə ciddi maraqlandığı, transferin mümkün olmadığı halda, futbolçunun icarəyə alınacağı deyilirdi. Lakin sonradan Arda uğrunda mübarizəyə girişən “Real”ın futbolçuya daha ciddi təklif irəli sürdüyü üzə çıxdı. Artıq tərəflərin bu transferlə bağlı razılığa gəldiyi bildirilir.
Bu yolda “Real”ın liderlərinin da böyük rolu olub. Kroos və Modriç türk futbolçu ilə birbaşa təmasda olublar. Məhz “Real”ın ulduzları ilə ünsiyyətdən sonra Gülər “Barselona” xəyallarından daşınaraq, “Kral klubu”nun təklifini qəbul etmək qərarına gəlib.
Arda Gülər “Gənclərbirliyi”nin yetirməsidir. O, 2014-2019-cu illərdə burada çıxış edib, daha sonra “Fənərbaxça”ya keçib.
Gülər “Fənərbaxça”nın heyətində ümumilikdə 51 oyuna çıxıb, 9 qol vurub, 12 məhsuldar ötürmə verib. Gənc futbolçu Türkiyə yığmasında ötən ilin noyabrında debüt edib, 4 oyuna meydana çıxaraq, 1 qol vurub.
Gülərin “Fənərbaxça” ilə cari müqaviləsi 2025-ci ilin yayına qədərdir.
“Transfermarkt” internet-portalı Arda Güləri 15 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Türkiyə mətbuatında Gülər “türk Messi” təxəllüsü ilə təqdim edilir.


