Futbol üzrə İslandiya milli komandasının baş məşqçisi Arnar Tor Vidarsson istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə İslandiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, federasiya rəhbərliyi 45 yaşlı mütəxəssislə müqaviləni ləğv edib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, Arnar Tor Vidarsson 2020-ci ilin dekabr ayından İslandiya milli komandasının baş məşqçisi idi. O, bu komandanı bütövlükdə 31 oyuna çıxarıb. İslandlar bu görüşlərdə 8 qələbə qazanıblar, 11 heç-heçə ediblər və 12 oyunda da məğlubiyyətlə üzləşiblər. İslandiya yığması bu məşqçinin rəhbərliyi altında bir neçə gün əvvəl AÇ-2024-ün seçmə mərhələsində səfərdə Lixtenşteyni darmadağın etmişdi – 7:0. Amma bu, onun postunda qalması üçün yetərli olmayıb.
Vidarsson bundan öncə İslandiyanın U-21 yığmasının da baş məşqçisi olub.


