Çili yığmasının mərkəz yarımmüdafiəçisi Arturo Vidal Braziliyanın “Flamenqo” klubundan ayrılaraq “Atletiko Paranaense”yə keçib.
Arena.az bu barədə sözügedən klubların yaydığı rəsmi məlumata istinadən xəbər verir.
36 yaşlı yarımmüdafiəçi Kuritiba təmsilçisi ilə 2023-cü il dekabrın 31-dək müqavilə imzalayıb. O, yeni komandasında 23 nömrəli formanı geyinəcək.
Vidal “Flamenqo”ya ötən ilin İtaliyanın “İnter” klubundan azad agent kimi ayrılaraq keçmişdi. O, bu komandanın heyətində 51 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçunun “Flamenqo” ilə 2023-cü ilin sonuna kimi müqaviləsi olsa da, o, öz istəyi ilə bu klubla müqaviləsini ləğv edib və “Atletiko Paranaense”yə üz tutub.
Arturo Vidal böyük futbola Çilinin “Kolo-Kolo” klubunda başlayıb. Ardınca Almaniyanın “Bayer” klubuna keçib. Daha sonra Vidal nəhənglərin heyətində çıxışı ilə diqqət çəkib: “Yuventus”, “Bayern”, “Barselona”, “İnter” və “Flamenqo”da oynayıb.
Vidal Çili yığmasında hələ də çıxış edir. O, “qırmızılar”ın heyətində 140 oyun keçirib, 33 qol vurub.
“Transfermarkt” internet-portalı Arturo Vidalı 1,20 milyon avro məbləğində qiymətləndirir.


