İtaliyanın “İnter” klubundan ayrılan Arturo Vidal karyerasını Braziliyada davam etdirəcək. Arena.az xəbər verir ki, çilili yarımmüdafiəçi bu ölkənin “Flamenqo” klubu ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında müddəti 2023-cü ilin sonuna qədər olan müqavilə imzalanıb. “Flamenqo” 35 yaşlı futbolçunu pulsuz transfer edib. Çünki çilili futbolçu “İnter”dən azad agent kimi ayrılmışdı.
Xatırladaq ki, Arturo Vidal 2020-ci ilin sentyabrında İspaniyanın “Barselona” klubundan ayrılaraq “İnter”lə müqavilə imzalamışdı. O, Milan təmsilçisinin heyətində iki mövsüm ərzində 71 matça çıxıb və 4 qola imza atıb.
Vidal “İnter” və “Barselona”dan öncə “Kolo-Kolo”, “Bayer”, “Yuventus” və “Bayern” klublarının da formasını geyinib. O, Çilli milli komandasının heyətində meydana çıxdığı 133 matçda 32 qol vurub.


