Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Asim Xudiyev Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 22-də keçiriləcək “Jelezniçar” (Pançevo, Serbiya) – “Braqa” (Portuqaliya) oyununun hakim-inspektoru olacaq. O, bu matçda türkiyəli hakimlərin işinə qiymət verəcək. Matçın baş hakimi Mehmet Türkmən olacaq. Ona yan xətt hakimləri Bersan Duran və Suat Göz kömək edəcəklər. Dördüncü hakim funksiyasını Çağdaş Altay yerinə yetirəcək.
“Jelezniçar” – “Braqa” oyunu Pançevo şəhərində yerləşən “Mladost” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Qeyd edək ki, “Jelezniçar”la “Braqa” arasındakı cavab qarşılaşması bir həftə sonra Portuqaliyada keçiriləcək. Bu görüşün start fiti isə Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.


