“Atlanta”nın yeni transferi, rusiyalı yarımmüdafiəçi Aleksey Mirançuk üçün iş vizasının alınmasında heç bir fəsad yoxdur.
Arena.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) klubundan məlumat verilib.
Xəbərdə bildirilir ki, onun gələn həftə ABŞ-a gəlişi gözlənilir:
“Mirançukun milli mənsubiyyətinə görə viza almaqda hər hansı fəsadı varmı? Hazırda viza ilə bağlı heç bir fəsad yoxdur. Biz hələ də onun gələn həftə Atlantaya gələcəyini gözləyirik”, – MLS təmsilçisinin adı açıqlanmayan nümayəndəsi bildirib.
Xatırladaq ki, “Atlanta Yunayted” Aleksey Mirançuku bir neçə gün öncə İtaliyanın “Atalanta” klubundan 12 milyon avro qarşılığında heyətinə qatmışdı. 28 yaşlı rusiyalı futbolçu MLS təmsilçisi ilə 2027-ci ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. Anlaşmada müqavilənin müddətinin daha bir il uzadılması şərti də nəzərdə tutulub.
Aleksey Mirançuk 2020-ci ilin avqustundan “Atalanta”da forma geyinirdi. O, bu komandada keçirdiyi 98 oyunda 13 qol vurub, 19 assistlə yadda qalıb. Mirançuk bir mövsüm “Torino”da icarədə də olub.
Daha öncə yetirməsi olduğu Moskva “Lokomotiv”ində oynamış yarımmüdafiəçi, Rusiya yığmasında da 45 oyuna 7 qola imza atıb, 7 assistlə yadda qalıb.


