Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında keçirilən Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün 1/4 final görüşlərinə start verilib.
Bu mərhələdə mübarizə aparan Azərbaycan millisinin boksçularından ilk olaraq rinqə Nicat Hüseynov (51 kq) çıxıb.
O, yarımfinala gedən yolda Antonio Payva (İrlandiya) ilə üz-üzə gəlib. Rəqibindən üstün döyüş nümayiş etdirən Hüseynov 5:0 (30:27, 30:26, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. Nicat bu qələbə sayəsində yarımfinala adlamaqla yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib.
Nicat Hüseynov növbəti qarşılaşmasında türkiyəli Mehmethan Çinarla döyüşəcək. Bu görüş martın 20-də olacaq.
Hüseynovdan sonra Cəlal Qurbanov (63.5 kq) da növbəti mərhələyə vəsiqə qazanıb. Daha ömcə Yere Niemelainen (Finlandiya) və Nik Nikolovu (Sloveniya) mübarizədən kənarlaşdıran boksçumuz 1/4 finalda İqor Kovtundan (Ukrayna) güclü olub. O, rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək, üçüncü döyüşündən də qalib ayrılıb. Bununla da Qurbanov özü üçün ən azı bürünc medalı təmin edib.

Cəlal Qurbanov yarımfinalda ermənistanlı Artur Şahbazyanla üz-üzə gələcək. Bu qarşılaşma martın 20-də baş tutacaq.
1/4 final mərhələsinin axşam seansında daha 3 təmsilçimiz rinqə çıxacaq. Nəbi İsgəndərov (67 kq) Hüqo Qrau (Fransa), Ruslan Qədirov (54 kq) Marian Çinio (Rumıniya), Maqsud Xasmetov (57 kq) isə Taha Akkoyunla (Türkiyə) qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatı martın 23-də başa çatacaq.


