Avropa çempionatı: Nəbi də finala vəsiqə uğrunda erməni ilə döyüşəcək

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin görüşləri keçirilib.

Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan daha bir boksçusu yarımfinalda iştirakını rəsmiləşdirib.

Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq) və Cəlal Qurbanovun (63,5) ardınca Nəbi İsgəndərov (67 kq) da çıxışını qələbə ilə bitirib. Əvvəlki mərhələlərdə Luka Nikabadze (Gürcüstan) və Alen Ahmetoviçi (Xorvatiya) məğlub edən boksçumuz Hüqo Qraudan (Fransa) da güclü olub. İsgəndərov görüşü vaxtından əvvəl hesabına yazaraq, tam üstünlüklə qalib gəlib.

Bununla da özü üçün artıq bürünc medalı təmin edən Nəbi sabah keçiriləcək yarımfinalda Danimarkanı təmsil edən Nikolay Tərtəryanla üz-üzə gələcək.

Digər boksçumuz Maqsud Xasmetov (57 kq) isə Taha Akkoyunla (Türkiyə) qarşılaşıb və rəqib mərhələ adlayıb. Bununla da Xasmetov 1/4 finalda mübarizəni dayandıran yeganə boksçumuz olub. Daha öncə isə Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (80 kq) əvvəlki mərhələlərdə mübarizəni dayandırmaq məcburiyyətində qalmışdı.

Beləliklə, Azərbaycan millisi yarımfinalda dörd boksçu ilə təmsil olunacaq. Cəlal Qurbanov yarımfinalda ermənistanlı Artur Şahbazyanla üz-üzə gələcək. Nicat Hüseynov finala vəsiqə uğrunda türkiyəli Mehmethan Çinarla döyüşəcək. Ruslan Qədirov isə 1/2 finalda Elmir Nəbiyevi (Ukrayna) sınağa çəkəcək.

Yarımfinal görüşləri sabah – martın 20-də baş tutacaq. Avropa çempionatı isə martın 23-nə qədər davam edəcək. Həmin gün həlledici görüşlər – final qarşılaşmaları keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: