Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının daha iki üzvü yarımfinal görüşünə çıxıb.
Cəlal Qurbanov (63.5 kq) ermənistanlı Artur Şahbazyanla qarşılaşıb. Bu görüşdən məğlub ayrılan boksçumuz yarışı üçüncü pillədə başa vurub. Bununla da o, Avropa çempionatında yığmamızın ilk medalını rəsmiləşdirib.
Nəbi İsgəndərov (67 kq) isə yarımfinalda Danimarkanı təmsil edən Nikolay Tərtəryanla üz-üzə gəlib. Təəssüf ki, Cəlal kimi, Nəbi də finala vəsiqə qazana bilməyib və yarışı bürünc medalla baş vurub.
Xatırladaq ki, Qurbanov və İsgəndərovdan öncə rinqə çıxan digər iki boksçumuz yarımfinal döyüşlərini qalib başa vuraraq finala vəsiqə qazanıblar. Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) finala yüksəlib. Nicat türkiyəli Mehmethan Çinarla dueldən qalib ayrılıb – 3:2 (29:28, 27:30, 29:28, 29:28, 28:29). Ruslan isə Elmir Nəbiyevə (Ukrayna) 3:2 (27:30, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələrək, həlledici döyüşdə iştirak hüququ qazanıb.
Avropa çempionatı martın 23-də başa çatacaq. Həlledici görüşlər məhz həmin gün baş tutacaq.


