Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulub.
Boksçumuz Nəbi İsgəndərov 1/16 final mərhələsi çərçivəsində Luka Nikabadze (Gürcüstan) ilə qarşılaşıb. 67 kq çəki dərəcəsində baş tutan görüş təmsilçimizin 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan çempionu 1/8 finalda ilk görüşdən azad olan Alen Ahmetoviçlə (Xorvatiya) üz-üzə gələcək. Döyüş martın 15-də baş tutacaq.
Yığmamızın digər üzvü Mirşərif Kazımzadə (75 kq) 1/16 finalda şotlandiyalı Hikki Samla qarşılaşıb. Boksçumuz bu görüşdə məğlubiyyətə üzülüb, nəticədə rəqib mərhələ adlayıb.
Martın 15-də Nəbi İsgəndərov və millimizin digər boksçusu – Murad Allahverdiyev (80 kq) rinqə çıxacaq. Nəbi ikinci görüşünü keçirəcəksə, Murad ilk döyüşünə çıxacaq.
Avropa çempionatı martın 23-nə qədər davam edəcək. Çempionatda beynəlxalq dərəcəli referimiz Anar Babanlı da hakimlər sırasında yer alıb. Poreçə yollanmış komandamıza Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edir. Azərbaycan millisi Bakıya martın 25-də qayıdacaq.


