Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Arena.az xəbər verir ki, cavab oyunları çərçivəsində 9 qarşılaşma baş tutub.
Cavab görüşlərinin hamısı eyni günə təsadüf edib.
Qardaş ölkə – Türkiyə təmsilçisi “Trabzonspor” “Rujomberok”la bu dəfə doğma meydanda üz-üzə gəlib. Slovakiyada baş tutan matçda qaradənizlilər 2:0 hesabı ilə qalib gəlmişdilər. Cavab matçında da tək qolla qalib gələn trabzonlular növbəti mərhələyə vəsiqə qazanıblar.
Azərbaycan vitse-çempionu “Zirə”ni mübarizədən kənarlaşdırmış Moldova “Şerif”i isə bu raundda “Elfsborq”un qonağı olub. İlk oyunda olduğu kimi, bu dəfə də meydanı məğlubiyyətlə tərk edən “Şerif” Avroliqa ilə vidalaşıb.
Digər oyunlarda isə “Molde”, “Braqa”, “Panatinaikos”, “Serkl Brügge”, “Riyeka”, “Ayaks” və “Rapid” (Vyana) komandaları növbəti raunda yüksəliblər.
Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab görüşləri isə ayın 15-də keçiriləcək.
Avropa Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
1 avqust
“Elfsborq” (İsveç) – “Şerif” (Moldova) 2:0 (ilk oyun 1:0)
“Silkeborq” (Danimarka) – “Molde” (Norveç) 3:2 (1:3)
“Makkabi” (Petah Tikva, İsrail) – “Braqa” (Portuqaliya) 0:5 (0:2)
“Trabzonspor” (Türkiyə) – “Rujomberok” (Slovakiya) 1:0 (2:0)
“Botev” (Bolqarıstan) – “Panatinaikos” (Yunanıstan) 0:4 (1:2)
“Serkl Brügge” (Belçika) – “Kilmarnok” (Şotlandiya) 1:0 (1:1)
“Riyeka” (Xorvatiya) – “Hunedoara” (Rumıniya) 1:0 (0:0)
“Voyvodina” (Serbiya) – “Ayaks” (Niderland) 1:3 (0:1)
“Rapid” (Vyana, Avstriya) – “Visla” (Krakov, Polşa) 6:1 (2:1)