Azərbaycan Kubokunun 2-ci mərhələsinin “Lerik”lə oyununda ayağı sınan “Sumqayıt”ın futbolçusu Kristian Velinovski bu gün əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Şimali Makedoniyadan olan sağ cinah vingerinin əməliyyatı uğurlu alınıb. Futbolçunun ayağı 14 gün müddətində gipsdə olacaq. Bu müddət ərzində xəstəxanada qalacaq yarımmüdafiəçi 4 həftə sonra artıq əl ağacı olmadan yeriyə biləcək. Kristianın 3-4 ay sonra məşqlərə başlaya biləcəyi də vurğulanıb.
Xatırladaq ki, ötən gün keçirilmiş bu matçın 23-cü dəqiqəsində “Lerik”in futbolçusu Rahid Ağazadə rəqib oyunçuya qarşı açıq ayaqla kobud oynayıb. Nəticədə Velinovskinin ayağı qırılıb. O, təcili tibbi yardım maşını ilə xəstxanaya aparılıb. Ağazadə isə qırmızı vərəqə alaraq meydandan qovulub.
“Sumqayıt” “Lerik”lə oyundan 6:0 hesablı qələbə ilə ayrılaraq Azərbaycan Kubokunun 1/8 finalına vəsiqə qazanıb. Sözügedən komanda növbəti mərhələdə “Karvan”la qarşılaşacaq.
Kristian Velinovski “Sumqayıt”a bu ilin sentyabr ayında transfer olunub. 24 yaşlı futbolçu sözügedən komandada cəmi 5 oyuna çıxıb. O, daha öncə Şimali Makedoniyada “Brera” və “Breqalniça” kimi komandalarda oynayıb, ölkəsinin U-21 yığmasında çıxış edib.


