Ayan Allahverdiyeva dünya üçüncüsü oldu

Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Hindistanda keçirilmiş şahmat üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Arena.az bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Təmsilçimiz Hindistanın Qandinaqar şəhərində təşkil edilmiş turnirdə 11 turda 8,5 xal toplayaraq üçüncü yeri tutub.

Digər şahmatçılarımızdan Nərmin Abdinova və Səbinə Rzalı mükafatçılar sırasına düşə bilməyiblər.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparıb.

Ayan Allahverdiyeva ötən il 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının qızıl medalını qazanmışdı.