Aydın Süleymanlı ilk dəfə Azərbaycan çempionu oldu

Aydın Süleymanlı kişi şahmatçılar arasında təşkil edilmiş Azərbaycan çempionatında 2024-cü il mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatına bu gün yekun vurulub.

Hər iki görüşdə Xəzər Babazadəyə qalib gələn Vüqar Rəsulov Azərbaycan çempionatının bürünc medalını qazanıb.

Çempionluğun taleyi isə Aydın Süleymanlı və Məhəmməd Muradlı arasında baş tutan finalda həll olunub. İlk partiya heç-heçə başa çatıb. Bu gün keçirilən cavab oyununda Süleymanlı qələbə qazanıb. Ümumi hesabda 1,5:0,5 hesabıyla üstün olan Aydın karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.

Xatırladaq ki, bu mövsüm şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi olan Süleymanlı medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: