“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı matçdan (0:0, penaltilər 5:4) sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Önəmli oyun idi. Finala çıxmaq uğrunda mübarizə gedirdi. Həqiqətən, sevincliyik. Finala çıxmaq bizim üçün uğurdur. Amma bu, asan olmadı. İkinci dəfədir ki, finala çıxırıq. Ötən oyunda əsas heyətin yeddi üzvünə istirahət vermişdim. İki cəbhədə oynamaq asan deyil. Rəqibin də imkanları oldu, bizim də. Komandamı, hər kəsi təbrik edirəm. Çempionat hələ davam edir. Çalışacağıq ki, uğurlu sonluq olsun. Düşünürəm ki, buna layiqik.
Planımız uduzmamaq idi. Bilirdik ki, bir qol bizi finala daşıya bilər. Epizodlarımız da oldu. Belə məqamda 120 dəqiqə oynamaq əlavə yüklənmə idi. Oyunu penaltilər seriyasınadək saxlayıb, şansımızı sınamaq istəyirdik.
Penaltilər seriyasında, oyundan sonra sakit olmağımda başqa səbəb yoxdur. Sadəcə, oyun çox stresli keçdi. Ona görə tək qalmaq istədim.
Penaltilər seriyasında istədiyimiz futbolçuları meydançada saxlaya bilmədik. Bu gün zərbəni Elvin Məmmədov qaçırdı. Məğlub da ola bilərdik. Aydın Bayramov ən çox oyun keçirən qapıçılardandır. Bu mövsüm 14 oyunu var. Biz hər iki qapıçıya inanırıq. Aydına şans verəcəyimi demişdim. O, məşqlərdə də özünü yaxşı göstərir. İnanırdıq ki, bizə kömək edəcək. Qapıçı məşqçisi penaltilərdən öncə lazımı tapşırıqları vermişdi. Ondan sonra qolkiperə nəsə desək, başqa nəticə verə bilərdi.
Əli Qurbani topu qəbul edəndə ayağında ağrı olub. Mən də səhv qərar verdiyini gördüm. Ümid edirik ki, zədəsi ciddi deyil və finalda oynayacaq”.


