Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf Azərbaycanın əsas milli komandasının yeni baş məşqçisi təyin edilmiş Ayxan Abbasov ilə görüşüb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin əsas millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.
AFFA prezidenti Ayxan Abbasov ilə əsas milli komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib. O, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.
Maraqlıdır ki, AFFA buna qədər Ayxan Abbasovun əsas millimizə baş məşqçi təyin edilməsi barədə heç bir açıqlama yaymağa ehtiyac duymayıb. Heç onunla müqavilənin müddəti və digər detalları da açıqlanmayıb. Əsas milliyə təyinatla əlaqədar Abbasovun U-21 millimizin baş məşqçisi postundan ayrılacağı ehtimal olunurdu. Amma bu məsələyə də heç bir aydınlıq gətirilməyib.


