Premyer Liqada yeni mövsümə hazırlaşan “Kəpəz”in baş məşqçisi Azər Məmmədov Bakıdakı təlim-məşq toplanışını dəyərləndirib.
Arena.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən gənc mütəxəssis “Dalğa Arena” təlim-məşq mərkəzində keçirilən hazırlıq prosesi haqqında bunları deyib:
“Biz çox istərdik ki, təlim-məşq toplanışını ölkə xaricində keçək. Amma məlum vəziyyətə, klubun sponsoru olmadığına görə hazırlıq üçün Bakını seçdik. Buna baxmayaraq, məşqlərimiz plan üzrə getdi. İstədiyimiz kimi hazırlaşa bildik. Sadəcə, yoxlama oyunları üçün rəqib tapmaqda çətinlik çəkdik. Düzdür, “Səbail”, “Zirə”, “Araz-Naxçıvan” kimi elita təmsilçiləri ilə oynaya bildik. Planımızda beş oyun vardı ki, digər iki sparrinq rəqibimizin də Premyer Liqa klubu olmasını istəyirdik. Amma təəssüflər olsun ki, komandalar ölkə xaricində olduğundan istəyimiz alınmadı. Nəticədə “Səbail-2” ilə oynadıq. Bakıda rəqib tapa bilmədiyimizdən Gəncəyə bir az tez qayıdası olduq. Doğma şəhərimizdə öz əvəzedicilərimizlə də qarşılaşacağıq”.
Azər Məmmədov hazırda 2 günlük istirahətdə olan komandasının gələcək planlarından da söz açıb: “Bundan sonra həftəlik oyun hazırlığına başlayacağıq. Bakı toplanışında biz ümumi olaraq səhər məşqində fiziki, axşam hazırlığında texniki-taktiki çalışmalar üzərində işlədik. Futbolçulara minnətdaram, olduqca məsuliyyətli, istəkli şəkildə məşqlərdə iştirak etdilər. İnşallah, bunun bəhrəsini çempionatda həm biz, həm də onlar görəcəklər”.
Xatırladaq ki, “Kəpəz” bu yay hazırlıq dönəmində dörd yoxlama oyunu keçirib. Gəncə təmsilçisi “Səbail” ilə “Zirə”yə eyni hesabla (1:2) məğlub olub, “Araz-Naxçıvan”la da heç-heçəyə razılaşıb – 1:1. “Səbail”in əvəzedici komandası ilə oyun isə 4:2 hesablı qələbə ilə bitib.
“Kəpəz” Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk turunda “Neftçi”ni qəbul edəcək. Avqustun 6-da Gəncə şəhər stadionunda keçiriləcək bu oyuna saat 17:00-da start veriləcək.


