Azər Məmmədov: “Kəpəz” hələ 45 dəqiqə oynamaq gücündə deyil”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov komandasının Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlığını dəyərləndirib.

Arena.az xəbər verir ki, o, Gəncə klubunun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Məşqlərimiz plan üzrə gedir. Toplanışa Gəncədə başladıq. Daha sonra “Səbail”lə 30 dəqiqə olmaqla 3 hissədən ibarət yoxlama matçı keçirdik. Komandamız hələ 45 dəqiqə oynamaq gücündə deyil.

İki günlük istirahətdən sonra məşqlərə davam edirik. Gündə iki dəfə olmaqla məşq edirik. Ayın 14-də “Zirə” ilə hazırlıq oyunu keçirəcəyik. Ayın 28-dən Bakıda təlim-məşq toplanışına başlayacağıq”.

Azər Məmmədov komanda üzvlərindən də söz açıb: “Bütün futbolçular öz üzərlərində çalışırlar. Əvəzedici heyətdən də oyunçular götürmüşük. Təəssüf ki, ilk günlərdə tam heyətlə məşq edə bilmədik. Bəzi legionerlər viza ilə bağlı komandaya gec qoşuldular. Artıq yavaş-yavaş hamısı bizə qoşulur. Təəssüfləndirici daha bir məqam Abdullahi Şuaybunun ötən mövsümdə aldığı zədəni hələ də sağaltmamasıdır. O, hazırda müalicə alır. Bir neçə yeni transfer də var ki, onların yolunu gözləyirik. Bakıdakı təlim-məşq toplanışında tam heyətlə çalışa biləcəyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: