Qadın voleybolçulardan ibarət Azərbaycan millisi hazırda davam edən Avropa çempionatını 17-ci pillədə başa vurub.
Arena.az xəbər verir ki, Ataman Güneyligilin rəhbərlik etdiyi komandamız yarışın qrup mərhələsində uğursuz çıxış etməklə mübarizəni dayandırıb.
Yığmamız Çexiya (3:0), Almaniya (1:3), Türkiyə (0:3), Yunanıstan (3:2) və İsveç (1:3) ilə qarşılaşmaların yekununa əsasən, C qrupunu 5 xalla 5-ci pillədə başa vurub. 1/8 finala isə hər qrupda ilk 4 yeri tutan komandalar (ümumilikdə 16) yüksəliblər.
Azərbaycan millisi Avropa çempionatının digər uğursuzları – Bosniya və Herseqovina, Xorvatiya, Sloveniya, Macarıstan, Yunanıstan, Finlandiya və Estoniya yığmalarını qabaqlayıb. Təmsilçimiz 2 il öncə keçirilən analoji turnirdə 24 komanda arasında sonuncu olmuşdu.
Xatırladaq ki, 33-cü Avropa çempionatının oyunları Belçika, Almaniya, İtaliya və Estoniyada keçirilir. Yarışa sentyabrın 3-də baş tutacaq final görüşü ilə yekun vurulacaq.
Yeri gəlmişkən, qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya və Avropa reytinqində irəliləyib. Azərbaycan Voleybol Federasiyasının yaydığı məlumata görə, buna yığmanın qitə çempionatında reytinqdə özündən irəlidə olan kollektivlərə qalib gəlməsi səbəb olub.
Millimiz dünya reytinqində 5 pillə irəliləyərək 38-ci yerdən 33-cü sıraya yüksəlib. Avropa reytinqində isə 3 pillə irəliləyən komandamız 23-cü sıradan 20-ci pilləyə yüksəlib.


