Azərbaycan millisi FIFA reytinqində bir pillə gerilədi

Son illərdə uğura həsrət qalmış futbol üzrə Azərbaycan millisi FIFA-nın bu gün açıqladığı dünya reytinqində daha bir pillə geriləyib.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma 1138,96 xalla 127-ci pillədə qərarlaşıb. Komanda əvvəlki reytinqdə 126-cı sırada yer alırdı.

Azərbaycan millisinin son dörd oyununda məğlubiyyət qeydə alınmayıb. Yığmamız bu görüşlərin ikisində qələbə qazanıb, iki dəfə isə heç-heçə edib.

Millimiz yoldaşlıq görüşündə Tacikistanı 1:0 hesabı ilə məğlub edib. UEFA Millətlər Liqasında isə səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib, ardınca Bakıda Lixtenşteynlə qolsuz heç-heçəyə razılaşıb. Azərbaycan millisi son oyununda isə Litva üzərində 1:0 hesablı qələbə qazanıb.

Azərbaycan Avropa komandaları arasında isə 46-cı sıradadır.

FIFA-nın hesablanma sisteminə əsasən, reytinq xalları komandaların nəticələri ilə yanaşı, rəqibin gücü və matçın əhəmiyyətindən də asılıdır.

Azərbaycanın reytinqdəki ən yüksək göstəricisi 73-cü pillədir. Yığmamız 2014-cü ildə bu nəticəyə çatıb.

FIFA reytinqinin ilk pilləsində İspaniya qərarlaşıb. Dünya çempionu 2011,57 xalla liderliyini möhkəmləndirib. Argentina 1972,80 xalla ikinci, Fransa isə 1958,86 xalla üçüncüdür.

Hazırda FIFA reytinqində ilk 10-luq belədir:

  1. İspaniya — 2011,57 xal
  2. Argentina — 1972,80
  3. Fransa — 1958,86
  4. İngiltərə — 1925,59
  5. Portuqaliya — 1807,69
  6. Braziliya — 1806,51
  7. Mərakeş — 1805,34
  8. Belçika — 1779,17
  9. Niderland — 1778,61
  10. Meksika — 1738,48
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: