Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunmuş Avropa Super Finalında sonuncu oyununa çıxıb.
Arena.az xəbər verir ki, millimiz altıncı oyununda Moldova yığması ilə qarşılaşıb.
15-12-ci yerlər uğrunda baş tutan oyunun əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Moldova yığması yekunda 4:1 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını Orxan Məmmədov və Sabir Allahquliyev vurublar.
Yekunda Avropa Super Finalını 14-cü pillədə tamamlayan Azərbaycan millisi A Divizionundakı yerini itirərək B Divizionuna düşüb.
Xatırladaq ki, millimiz qrup mərhələsində Türkiyəni məğlub etsə (5:5, penaltilər 3:1) də, Rumıniyaya 2:4, İsveçrəyə 7:8 hesabıyla uduzmuşdu. 15-12-ci yerlər uğrunda baş tutan ilk oyunda isə komandamız Fransaya 3:9 hesabıyla məğlub olmuşdu. Ötən gün baş tutan Yunanıstanla oyunda isə komandamız 6:3 hesablı qələbəyə sevinmişdi.
Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov komandaya 12 oyunçu cəlb etmişdi.
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;
Oyunçular: Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Comərd Baxşəliyev, Hüseyn Axundov, Ramil Əliyev, Kamran Qürbətov, İsa Zeynallı, Tural Qurbətov.


