DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək Azərbaycan – Serbiya matçının hakimləri açıqlanıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Roy Reynşreyber olacaq. Ona yan xətt hakimləri David Biton və Saqi Metzamber kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə David Fuxman yerinə yetirəcək.
Martın 30-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Serbiya matçına saat 20:00-da start veriləcək.
Qeyd edək ki, Roy Reynşreyber azərbaycanlı futbolsevərlər üçün kifayət qədər tanış hakimdir. O, indiyə qədər iki dəfə “Qarabağ”ın, bir dəfə isə “Qəbələ”nin avrokuboklardakı matçına təyinat alıb.
İsrailli referi ilk dəfə 2015/16 mövsümündə “Qəbələ”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Tiflis “Dinamo”su (Gürcüstan) ilə səfər oyununa təyinat alıb. 2015-ci ilin 4 iyulunda baş tutan həmin matç “Qəbələ”nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Bütövlükdə 4 dəfə sarı vərəqəyə əl atan referi həm meydan sahiblərinin, həm də qonaqların iki futbolçusunu cəzalandırıb. O, meydan sahiblərinin heyətində bir futbolçunu da meydandan qovub.
2017/18 mövsümündə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutan “Şerif” (Moldova) – “Qarabağ” oyununun da baş hakimi Reynşreyber olub. 2017-ci ilin 1 avqustunda keçirilmiş oyunda Ağdam klubu 2:1 qalib gəlib. İsrailli hakim bu görüşdə “Şerif”in 3, Azərbaycan təmsilçisinin 5 futbolçusuna sarı vərəqə göstərib.
Reynşreyber 2018/19 mövsümündə də “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Polşa “Vorskla”sı ilə ev oyununu idarə edib. Ağdam klubu bu görüşdə 0:1 hesablı məğlubiyyətə üzülüb. Beş dəfə əlini cibinə atan referi, “Qarabağ”ın bir, Poltava təmsilçisinin 4 futbolçusuna “sarı” göstərib.


