Ötən gecə avrokubok matçında məğlubiyyətə üzülən “Qarabağ” bu dəfə Azərbaycana UEFA reytinqində xal qazandıra bilmədi.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı komanda Avropa Liqasının qrup mərhələsinin 3-ci turu çərçivəsində qarşılaşdığı Almaniyanın “Bayer” komandasına səfərdə 1:5 hesabıyla məğlub oldu.
Hazırda UEFA reytinqində Azərbaycanın cari mövsümdəki qazancı 3.625 xaldır. Azərbaycanı bu mövsüm avrokuboklar təmsil edən digər klublardan “Sabah” reytinqə 0,750, “Neftçi” isə 0,375 ballıq töhfə verib. “Qəbələ” bu baxımdan ümumiyyətlə ümidləri doğrulda bilməyib. Qalan 2,500 xalı isə məhz “Qarabağ” əldə edib.
Son 5 mövsümdəki ümumi əmsalı 17.875 olan Azərbaycan reytinqdə yenə 29-cu pillədə qərarlaşıb. Bir addım irəlidə olan Bolqarıstan ilə Slovakiya da 18.375 reytinq xalına malikdirlər. Azərbaycanı isə Moldova (13,125) izləyir.
Ötən gecə baş tutan qarşılaşmalar Çexiya, Norveç, Polşa, Qazaxıstan, Farer adalarının irəliləməsinə şərait yaradıb. Serbiya, Xorvatiya, İrlandiya, Finlandiya və Lixtenşteyn isə geriləyiblər.
Reytinq cədvəlinə İngiltərə (93,178) başçılıq edir. İspaniya (79,614) ikinci, İtaliya (75.855) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (73,624) dördüncü, Fransa (56,331) isə altıncıdır. Niderland 57,100 xalla beşinci sıradadır. Türkiyə isə 35,350 balla 9-cu sırada qərarlaşıb.
Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırırdı. Qrup mərhələsində isə qələbə 0,500, heç-heçə 0,250 xal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.


