Azərbaycanda bu da oldu: Polis futbolçunu stadionda cərimələdi

Azərbaycan İkinci Liqasında mübarizə aparan “Şəmkir”in müdafiəçisi Nicat Oruclu matçdan sonra polis tərəfindən cərimələnib.

Arena.az saytının əldə etdiyi məlumata görə, hadisə martın 1-də keçirilmiş “Hypers Quba” ilə səfər matçından sonra baş verib.

Belə ki, komandasının səfərdə 2:1 hesablı qələbəyə sevindiyi oyundan sonra Oruclu ilə yerli komandanın azarkeşləri arasında mübahisə yaranıb. Yerli azarkeşlər qonaq komandanın futbolçularına tribunadan qartopu atmağa başlayıblar. Bir neçə dəqiqə davam edən bu “qartopu-söz” savaşının ardından futbolçular paltardəyişmə otaqlarına yollanıblar. Bundan sonra oyun zamanı asayişi təmin edən polislər “Şəmkir”in paltardəyişmə otağına daxil olublar və Nicat Orucluya yerli fanatları təhqir etdiyinə və asayişi pozduğuna görə 51 manat cərimə yazıblar. Nicat Oruclu isə yerli fanatlara qarşı qeyri-etik ifadələr işlətmədiyini bildirərək günahı boynundan atmağa çalışıb. Buna baxmayaraq, o, cərimədən yaxa qurtara bilməyib.

Qeyd edək ki, “Şəmkir” Qubadakı qələbədən sonra 22 xalla 7-ci pillədə qərarlaşıb. “Hypers Quba” isə 25 xalla 4-cüdür.

Xəbəri sosial şəbəkələrdə paylaş: