Azzaui “Araz-Naxçıvan”da – Rəsmi

Belçikanın “Anderlext” və İngiltərənin “Tottenhem” klublarının yetirməsi olan İsmail Azzaui bundan sonra Azərbaycanda çıxış edəcək.

Arena.az xəbər verir ki, sağ cinah yarımmüdafəçisi yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Araz-Naxçıvan”a keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Amma 25 yaşlı vingerlə müqavilənin müddəti açıqlanmayıb.

İsmail Azzaui Mərakeş əsilli Belçika vətəndaşıdır. O, karyerasının ilk illərində “Anderlext”in (Belçika) U-18, “Tottenhem”in (İngiltərə) U-18 və U-21 komandalarında forma geyinib. Peşəkar karyerasına Almaniyanın “Volfsburq” komandasında başlamış yarımmüdafiəçi “Villem II” (Niderland) klubunun da formasını geyinib. Futbolçu 2020-ci ildən Niderlandın digər təmsilçisi “Herakles”də çıxış edirdi. O, bu komandada 52 oyuna 7 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. O, bu yay sözügedən klubdan azad agent kimi ayrılmışdı.

“Araz-Naxçıvan”ın yeni transferi Belçikanın U-15, U-16, U-17 və U-19 yığmalarında da forma geyinib.

Xatırladaq ki, “Araz-Naxçıvan” Azzauidən öncə Nuno Rodriqes, Vanderson Kavalkante Melo, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç və Məhəmməd Kadiri kimi legionerləri də heyətinə qatmışdı.

Yerli futbolçulardan isə Zamiq Əliyev, Turan Manafov, Nihat Qurbanlı, Nicat Süleymanov və Elçin Mustafayev bu komandaya cəlb olunub. Abdulla Rzayev də “Sabah”dan icarəyə götürülüb.

Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayevin isə müqaviləsinin müddəti artırılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: