Belarusun BATE klubu futbol üzrə Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümündəkki ev oyunlarını Azərbaycanda keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.
Bildirilir ki, Borisov təmsilçisi ev arenası kimi Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunu sifariş edib. Sözügedən komanda Avropa Konfrans Liqasındakı rəqiblərini məhz bu stadionda qəbul edəcək.
Qeyd edək ki, BATE Avropa Konfrans Liqasına 1-ci təsnifat mərhələsindən start verəcək. Bu mərhələnin püşkatma mərasimi iyunun 16-da keçiriləcək. 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da, cavab görüşləri isə eyni ayın 16-da baş tutacaq.
Xatırladaq ki, Ukraynadakı müharibə ilə əlaqədar UEFA Belarus komandalarına doğma meydanda beynəlxalq oyunlar keçirmək qadağası qoyub. Bu üzdən sözügedən ölkənin klubları ev oyunlarını neytral meydanlarda keçirirlər. Belarus klubları daha öncə də ev oyunlarını Sumqayıtda keçirmək məcburiyyətində qalıblar.


