“Bazel” gülməli vəziyyətə düşüb

İsveçrənin “Bazel” komandası oktyabrda bir qol belə, vura bilmədiyindən, klub ayın ən yaxşı qolunu seçə bilməyib.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.

“Bazel” başa çatmış oktyabr ayında 4 oyun keçirib və bir xal belə, qazana bilməyib. Komanda bütün rəqiblərinə ümumilikdə 0:10 hesabı ilə uduzub. Məsələ burasındadır ki, sözügedən kollektiv cari mövsüm İsveçrə çempionatında gözlənilmədən çox zəif çıxış edir. Komanda keçirdiyi 11 oyundan sonra cəmi 5 xal toplayaraq turnir cədvəlinin sonuncu, 12-ci pilləsində qərarlaşıb. 11-ci pillədə qərarlaşmış “Lozanna” bu komandanı 5 xal qabaqlayır.

Xatırladaq ki, “Bazel” 20 qat İsveçrə çempionu və İsveçrə Kubokunun 13 qat qalibidir. Bu nəticə İsveçrədə “Qrasshopper”dən sonra ikinci göstəricidir. “Çəyirtkələrin 27 çempionluğu, 19 ölkə kuboku var. Ötən mövsüm “Bazel” Avropa Konfrans Liqasının yarımfinalına yüksələ bilmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: