“İnter Mayami”nin prezidenti Devid Bekhem argentinalı ulduz hücumçu Lionel Messini MLS-ə köçürməyin məqsədini açıqlayıb.
Arena.az AS dərgisinə istinadən, ötənlərin məşhur ingilis futbolçusu, hazırda uğurlu iş adamının bu barədə fikirlərini təqdim edir.
Bekhemin sözlərinə görə, o, bunu təkcə öz klubu üçün deyil, həm də bütün Amerika naminə edib:
“Bu qədər maneələrdən keçmək və sonra da Messini MLS-də meydanda görmək sadəcə inanılmazdır. Həmişə deyirdim ki, “Leo”nu Amerikaya təkcə “İnter Mayami” üçün deyil, bütün ölkə üçün, MLS üçün, ümumiyyətlə idman üçün gətirmişəm.
Mən indi Amerika və Kanadada istənilən stadiona gəlib Messi kimi nəhəngə baxa biləcək yeni nəsil uşaqları ruhlandırmaq istədim”, deyə Bekhem bildirib.
Xatırladaq ki, Lionel Messi “İnter Mayami”yə qədər “Barselona” və PSJ-də çıxış edib.
“İnter Mayami”nin düşərgəsinə isə “Leo” 2023-cü ilin yayında PSJ-dən azad agent qismində keçib.
Ulduz hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 13 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 27 oyun, 23 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


