Bekhem Messinin insani keyfiyyətlərindən söhbət açdı

“İnter Mayami”nin prezidenti Devid Bekhem “vağlar”ın argentinalı ulduz hücumçusu Lionel Messi haqda danışıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Bekhemin fikrincə, Messinin ABŞ-a gəlişi yerli idmanın inkişafında böyük rol oynayır.

Həmçinin Bekhem Lionelin insani keyfiyyətlərini də qeyd edib – argentinalı ulduz futbolçu gənc futbolçuların inkişafına kömək etməyə çalışır:

“Mən həmişə bilirdim ki, “Leo” Messi kimi bir adamı Mayamiyə və Amerikaya gətirməyin böyük əhəmiyyəti var. Bu, onun meydanda və meydandan kənarda etdiklərinə aiddir. Bu, təkcə onun hələ də çalışdığı kuboklar qazanmaq deyil, həm də akademiya uşaqlarına tərəqqi etməkdə kömək etməkdir. O, Amerikaya səyahət edərkən hər bir gənclə görüşməyə çalışır. O, belə bir insandır”, deyə Bekhem məmnunluqla bildirib.

Lionel Messi “İnter Mayami”nin düşərgəsinə 2023-cü ilin yayında PSJ-dən azad agent qismində keçib.

Ulduz hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 13 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 27 oyun, 23 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: