“Mançester Yunayted”in ingilis keçmiş yarımmüdafiəçisi Devid Bekhem portuqal ulduz hücumçu Kristiano Ronaldo haqda söhbət açıb.
Arena.az “United in Focus” dərgisinin Rio Ferdinandın podkastına istinadı əsasında məlumat verir ki, Bekhem Ronaldonun futbolçu karyerasını qiymətləndirib:
“O, oynadığı hər bir komandada özündən sonra geridə bir irs qoyub. Ona görə də düşünürəm ki, o, oynadığı bu qədər müddətə görə inanılmaz idi.
Onun əvvəlcə “Mançester Yunayted”də, sonra əlbəttə, “Real”da, həmçinin Portuqaliya yığmasında inanılmaz karyerası olub. Geriyə boylananda bu, inanılmaz bir karyera idi”, deyə Bekhem vurğulayıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 9 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 73 oyun, 66 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb.
“Əl-Nəsr”lə Ronaldo Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 216 oyun keçirib, 133 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
“Transfermarkt” internet-portalı 39 yaşlı ulduz futbolçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


