Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş”ın yarımmüdafiəçisi Dele Alli üçün mövsüm erkən bitib. Arena.az xəbər verir ki, bu barədə Türkiyə və Britaniya mətbuatı məlumat yayıb.
Bir müddət öncə zədələnən ingilis futbolçu müalicə üçün İstanbul təmsilçisindən ayrılaraq ölkəsinə qayıtmışdı. “Daily Mail” nəşrinin yaydığı son məlumata görə, Allinin yaşıl meydanlara qayıtması üçün azı 10 həftə lazım gələcək. Bu isə onun bu mövsüm bir daha meydana çıxmayacağı anlamına gəlir.
Xatırladaq ki, müqavilə ilə İngiltərənin “Everton” klubuna məxsus olan Dele Alli “Beşiktaş”a 2022-ci ilin avqustunda icarə əsasında keçmişdi. 26 yaşlı yarımmüdafiəçi bu komandada 15 oyuna çıxıb və 3 qola imza atıb. O, ölkəsində “Everton”dan başqa “Tottenhem” və “Milton Kins Dons”un da formasını geyinib. Yarımmüdafiəçi İngiltərə millisində də 37 oyuna 3 qol vurub. O, bu mövsüm başa çatan kimi “Everton”a qayıdacaq.
Yeri gəlmişkən, “Beşiktaş” daha bir futbolçusunu itirib. Komandanın aparıcı hücumçusu Cenk Tosun ötən gecə Super Liqanın 28-ci turu çərçivəsində baş tutan “Girəsunspor”la oyunda (3:1) zədələnib. İlk hissədə sıradan çıxan futbolçu 35-ci dəqiqədə Jedson Fernandeslə əvəzlənmək məcburiyyətində qalıb. Təcrübəli hücumçunun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.
Xatırladaq ki, Alli və Tosundan öncə İstanbul təmsilçisi Tayyip Talha Sanuçu da itirmişdi. O da təxminən 6 ay komandasına kömək edə bilməyəcək.
Bu mövsüm “Beşiktaş”ın heyətində 28 matça çıxmış Cenk Tosun bu oyunlarda 15 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.
“Girəsunspor”la oyunda “Beşiktaş”ın dayaq yarımmüdafiəçisi Amir Hacıahmetoviç də cəzalı duruma düşüb. O, qarşılaşmanın 49-cu dəqiqəsində sarı vərəqə alıb. Nəticədə vərəqə limitini dolduran Bosniya və Herseqovina yığmasının 26 yaşlı üzvü “Trabzonspor”la matçda İstanbul təmsilçisinə kömək edə bilməyəcək.


